Sarıya boyuyuram dünyamı, dünya arı saçlı.
Yaxamı buraxmır sənsizliyin ağrısı.
Bir bakı günü, bir sənsizlik həftəsi,
Sarı saçlarından özümü asmaq kimi.
Soyuq qışda, qürbətdə qalmaq kimi.
Olmamağın, bu yoxluq, bu sonsuzluq,
Yarımçıq cümlələrin, əllərin,
Addımların səkilərdə, səkilər məzarım kimi.
Buralar çıxıb gedə, gedə oralara,
Və ya çıxıb gedəsən buralardan Sarı,
Çıxıb gedəsən və ya yollar çıxa gedə,
Oraları gətirə və ya dünya dəyişə,
Dünyamızı dəyişək Sarı və ya aç bir balaca qapı,
Bir az nəfəs ver mənə,
Boğuluram.
Otağıma sənsizlik sıxışdırılıb.
Axı niyə bütün musiqilər sənsizliyi anladar?!
Sən sənsizliyini buraxıb gedərkən,
Bu şeirlər Bakını ağladar.
Uzaqlığın dodaqlarına çevrilir,
Sənsizliklə sevişirəm.
Qızımızın adını “ayrılıq” qoyarıq.
Nəfəslərim tez-tez kəsildiyindən,
Tək nəfəsə yazıram artıq şeirləri.
Maraqsız yaşlanırıq, rəngsizləşirik.
Əminəm, Tanrı heç sevmir şairləri.
Yoruldun?
Dur gedək ölək.
Sarı saçlarını çəkirəm ciyərlərimə,
Bir az yoxluğun bulaşır şeirlərimə.
Sarı saçlarında ilişib-qalır bir neçə faciəm.
Özümü asdım bir səhər kirpiklərindən,
Sən oyanmamış.
Qısa ömrümdə illərdir eyni küçəyə,
Eyni qadına, eyni səkiyə,
Eyni siqaretə salamlar yağdırıram səhərlər.
Heç kəs mənə rənglərdən danışmasın.
İki gün çəkər uzunluğu bu zibil ömrümün,
Əgər qanıma hər gün bir-iki doza səni vurmasam.
Nədənsə artıq sevə bilmirəm musiqini, və mən,
Səndən yazmağa utanan şairlərdən nifrət edirəm!
Və mən,
Sarı saçlarının səsini duyuram,
Bu şəhəri hər yerindən tərk etdiyim zaman.
Və mən,
Gec anladım getdiyini.
Tapmaq olmur yollarını.
Payızın yarpaqları yolunu gizlədib sanki.
Mən bihuş, mən yarımçıq,
Mən heç olmamış kimi.
Səni səssiz sevə bilmirəm sanki.
Al dünyamı, al Sarı.
Bütün dünya sənin,
Sənin çiynin mənim.
Əllərim, əllərini aç
Bir nəfəslik canla,
Pərişan qapındayam, qapındayam, Sarı.
Aç, bir az, bir az aç qapını. (Sarı)
Sarılarımı Silmə was written by Ali Khayyam.
Ali Khayyam released Sarılarımı Silmə on Mon Sep 24 2012.