Yuxusuz olur yatağım.
Necə də boş olur bədənim və
Necə də yerin görsənir yastığımda. (bax orda.)
Bir qədər də səssizliyin yoxdu sanki evimizdə,
Və məhkum olduğumuz bir otaqlı evlər indi,
Bir neçə otaq da artıb.
(bir, iki üç.)
Sənsizlik sıxışmır otaqlara, evlərə.
Mən sənsiz daha çox olmuram sanki
Və sanki daha möhkəm əsir sənsiz Bakının küləkləri.
İçki, siqaretimi ayırıb bir-birindən mixi yazılı reseptlər,
Siz heç gecədən anlamırsız həkimlər, heç.
İkiləmədə qalıb, düşünmədən yazmalıyam.
Düşünmədən, ölçmədən, hesablamadan, necə gəldi içimdən.
Özüm, özümə qarışmamalıyam bu gecə.
Bu gecə, unudub antibiotiklərimi, içməliyəm,
Bu gecə, öskürəklərimi görməməzlikdən gəlib çəkməliyəm.
Ölmüş bir adamın ad günüyəm sanki.
Öz səssizliyində qərq olmağının qarşısında,
Bir qadının yoxluğu nədir ki?
Heç nə!
Kədərlərim qarışdıqca əyin-başıma və
Bulaşdıqca yalnızlığım bu bir neçə otaqlı evin divarlarına,
Sevdiyim qadınların ağrılarına gülməyim gəlir.
Gülməyim gəlir,
Əzizim, çox ciddiyə alma məni, özünü də.
Gəlmisən, bir-iki şeir yazacağam, sonra gedəcəksən,
Çox ciddiyə alma məni.
Bu içkilərə nə qatıblar belə, dadları zibilə çevrilib?!
Gecələr, Gecələr, Gecələr.
Gecələr was written by Ali Khayyam.
Ali Khayyam released Gecələr on Sat May 03 2014.