[Ali Khayyam]
Saçlarım güləşir küləklə
Mən yersiz, yurdsuz avarə
Nə işim var burda, heç özüm də bilmirəm.
Hardan gəldim bilmədim,
Görəsən, hara gedirəm?
Yaşım da güləşir zamanla
Mən də qocalıram, elə yazıq anam da.
Qalır insan iki əqrəbin ortasında
Neçə keçdi illər, bilmədim
Görəsən, necə keçir, bilmirəm.
Bilmirəm...
Bilmirəm...
Bilmirəm...
Yaxadan da sallanır xatirələr
Unudub keçirəm növbəti şəhərə
Görəsən, harda iti azıb gözəl günlərin?
Heç gəlib eləmir biz tərəflərə.
Zaman elə bir bərbad təxəyyül ki,
Nə tutmaq olur, nə də yaşamaq.
Bircə çönüb baxanda görürsən ki,
Keçib gedənin adını qoymuşuq yaşamaq.
Yaşamaq da ki, nə yaşamaq e!
Nə yaşıllıq qalıb, nə də hasarsız dəniz.
Xəzər də yazıqdı, vallah...
Biri “göl” deyir, biri “dəniz”.
Bizim kimidi o da, nə gedib çıxa bilir okeana, nə də bölünə bilir ətrafındakılar arasında.
Bakı da yazıqdı vallah, Bakı da kimsəsizdi
Qovub ərəbi Babək, indi ərəbimizdi, əzizdi.
Götürüb telefonu, zəng edəsən göydəkilərə
Deyəsən – “Alo? Var orda bəyəm kimsə?”
Deyəsən, “Salam, mənim var bir neçə duam, bir neçə arzu, ümid, bir neçə istək, bir neçə sözüm”.
Qayıdıb deyə ki, “Deyəsən, səhv düşmüsüz”.
Hə, hə, biz səhv düşmüşük. Alo? Orda kimsə varmı?
Göydə bulud var,
Buludların göyüzündə Tanrı varmı?
Biz onun ruhundan yaranmışıqsa,
Görəsən, o da bizim kimi üzülüb, ağlarmı?
Düzünü de...
Məsələn, ağlarmı bir payız günü atası üçün?
Hə, onun yoxdu axı, atası.
Bəs bizə bu ədalətsizlikləri qoyubdur nə üçün?
Nə üçün məsələn, zəlzələ alır 6 aylıq günahsız canı?
Ya da niyə öldürmür ki, uşaq zorlayıb öldürən day-dayları?
Niyə fırladır bizi qaranlıq aləm adlı səfehlikdə?
Əminəm, baxıb gülür bizlərə.
Biz bəşər təlxəyiyik də.
Məsələn, bütün sevdikləri əzab çəkib ömür billah
Ya çarmığa çəkilib, ya da qalıb gözdən iraq
Ya soyulub dərisi, ya susuz qalıb körpəsi
Qurban olaram, oyunun şərti budursa, məni sevmə, Allah!
Allah ağac, mən üzüm
Şeirlərim çaxır, mey.
Səndən gələnə də şükür,
Sən həm solum, həm sağım
"Alo, göydəkilər, gələndə nə alım?
Hə, bağışlayın, deyəsən, səhv düşmüşəm."
Alo was written by Ali Khayyam.
Ali Khayyam released Alo on Tue Jun 18 2019.