Əliheydər Məmmədtağı oğlu Qənbərov – həkim, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1978), Əməkdar həkim (1957), Əmək veteranı (1979).
14 mart 1918-ci il tarixdə Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. Burada yeddillik məktəbi və tibb fəhlə fakültəsini bitirərək Azərbaycan dövlət Tibb İnstitutunda təhsil almışdır (1937-1941). Əmək fəaliyyətinə Körgözneftdə ambulatoriya həkimi kimi başlamışdır (1941-1943).
Sonra cəbhəyə gedərək Stalinqradda alar tibbi – sanitar dəstə rəisi olmuşdur (1943). Səhhəti ilə başlı ordudan tərxis olunduqdan sonra İmişli, Beyləqan rayonlarında sahə həkimi, poliklinika müdiri (1943-1947), Naxçıvan şəhər xəstəxanasının baş həkim müavini (1947-1974), Bakıda RKX – nın terapiya şöbəsinin müdiri (1974-1981), sonra orda müalicə həkimi (1981-1984), qatroenterologiya şöbəsində müalicə həkimi işləmişdir (1984-1991).
Bədii yaradıcılığa 60-cı illərin əvvəllərində başlamışdır. Lirik və satirik şeirləri ilə “Şərq qapısı”, “Azərbaycan”, “Kirpi” qəzet və jurnallarına müntəzəm olaraq çıxış etmişdir. 1963-cü ildə “Kirpi” jurnalının keçirdiyi “Sabiranə şeirlər” müsabiqəsinin xüsusi mükafatına layiq görülmüşdür. “Naxşıvan mahnısı”, “Ürək”, “Azərbaycanlıyam” şeirlərinə bəstələnən mahnılar dillər əzbəri olub. “İlan yuvasında fırtına” pyesi Naxçıvan Dram teatrında tamaşaya qoyulmuşdur. On döyüş və yubiley , “Əmək veteranı” medallarına layiq görülüb.
1991-ci il, 5 avqustda Bakıda vəfat etmişdir. Buzovna qəbristanlığında dəfn edilmişdir.
“Ürək” adlı kitabı 1971-ci ildə 5000 tirajla çap olnmuşdur.